Xəzər rayonunda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-voleybol turniri keçirilib
Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Xəzər rayon komitəsinin tədbirlər planına uyğun olaraq, fevralın 10-da Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş mini-voleybol üzrə rayon turniri keçirilib. Yarış Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsi, Xəzər Rayon Gənclər və İdman İdarəsi və 156 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib. 2009-2010-cu il təvəllüdlü qızlar arasında mini-voleybol turniri 156 saylı məktəbin idman zalında təşkil olunub. Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Turnirdə ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin inspektoru Mərdan Quliyev və 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə 156 nömrəli tam orta məktəbin komandası birinci yerə, 117 nömrəli tam orta məktəbin komandası ikinci yerə və 92 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər. Qaliblər ATİAHİ Xəzər rayon komitəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən təqdim olunan kubok və diplomlarla təltif ediliblər. Həmçinin ilk üç yeri tutan komandalar ATİAHİ Xəzər rayon komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo