Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı və 121 nömrəli tam orta məktəbin dəstəyi ilə idman zalında rayon ümumtəhsil məktəblərinin kişi və qadın müəllimləri arasında voleybol turniri təşkil edilmişdir. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Ümummilli lider Heydər Əliyevin, həmçinin Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AİA.Az xəbər verir ki, turnirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifov, habelə 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, idman yarışı üzrə baş hakim Teymur Əskərov, idman yarışının təşəbbüskarı Şıxəmir Qurbanov və turnirdə iştirak edən müəllimlər iştirak ediblər.
Turnirin yekun nəticələrinə əsasən birinci yerin sahibi 149 nömrəli tam orta məktəbin komandası, ikinci yer üzrə 121 nömrəli tam orta məktəbin komandası, üçüncü yer üzrə 26 nömrəli tam orta məktəbin komandası və sonda dördüncü yer üzrə isə 117 nömrəli tam orta məktəbin komandası layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və medallar təqdim edilib.