31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ATİAHİ Xəzər rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Rayon komitəsinin sədri çıxış edərək son iki yüz ildə törədilən erməni cinayətlərindən danışıb. Bildirib ki, dünyanın ən qədim tarixinə, mədəniyyətinə, zəngin ədəbiyyatına, dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının həyatında bayram əhval-ruhiyyəli xoş günlərlə yanaşı, faciələr və soyqırımları da az olmayıb: “Biz tariximizin həmin o qanlı səhifələrini heç vaxt unuda bilmərik. Onlar bizim qan yaddaşımızdır. Belə günlərdən biri də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur”. Onun sözlərinə görə, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər Yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Komitə sədri əlavə edib ki, erməni xisləti, çirkin xarakteri dəyiməzdir: “Onlar yenidən məkirli ənənələrinə əl atmaqla 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən müasir silahlarla Xocalını yerlə-yeksan etdilər. Demək olar ki, şəhərdən əsər-əlamət qalmadı”. Daha sonra çıxış edən ziyalılar Vətən müharibəsində döyüş meydanında ermənilərə tutarlı cavab verən Azərbaycan Ordusunun qəhrəmanlığından və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən bəhs ediblər.